Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi ...

22 İyun-29 İyun, 2012

Keçirilmiş

“Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2012-ci il tarixli Sərəncamına, əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi rəssamın əsərlərindən ibarət fərdi sərgini keçirir.

Azərbaycan realist rəssamlıq məktəbinin banisi, istedadlı fırça ustası Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində yoxsullaşmış bəy ailəsində anadan olmuşdur. Bəhruz Kəngərli ilk təhsilini Naxçıvan şəhərində olan “Xeyriyyə” adlı şəhər məktəbində almışdır. 

Gələcək rəssamda ilk dəfə olaraq rəsm çəkmək arzusu hələ şəhər məktəbində oxuduğu illərdə baş qaldırmış, rast gəldiyi şəkilli kitab və məcmuələr onda rəsm çəkmək həvəsi oyatmışdır. Rəssamın yaradıcılığına Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplayan “Molla Nəsrəddin” jurnalının da böyük təsiri olmuşdur.

O, rus realistik boyakarlıq ənənələri təsiri altında təhsil almış ilk Azərbaycan rəssamıdır. Kəngərli rəssamlıq təhsilini 1910-1915-ci illərdə Tiflisdə, o zamanlar Zaqafqaziyada yeganə olan “Zərif incəsənəti yayan cəmiyyətin rəssamlıq məktəb”ində almışdır.

Bəhruz Kəngərli klassik sənətin əsaslarını böyük səylə öyrənərək, artıq gənc yaşlarından realistik bir rəssam kimi fəaliyyətə başlayır.

Onun yaradıcılığı üçün xarakterik olan ölçücə böyük olmayan mənzərələrində Vətən torpağının gözəllikləri (“Naxçıvanda şəlalə”, “Payız”, “Tozağacı”, “Ayın doğması”, “Nuhun qəbri”, “Ağrıdağ” və s.) böyük məhəbbətlə vəsf edilmişdir.

Mənzərə janrı ilə yanaşı rəssam portert rəssamlığında da səmərəli fəaliyyət göstərmişdir. Onun silsilə portret yaradıcılığını şərti olaraq üç qrupa bölmək olar: dövrünün qabaqcıl ziyalıları və sadə adamları, uşaqlar, qaçqınlar.

O, mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsində 1918-1920-ci illərdə doğma yurdlarından didərgin düşmüş sahibsiz, yurdsuz insanların qəmgin, çarəsiz obrazlarını yaratmışdır. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.

Bəhruz Kəngərli Azərbaycan təsviri sənətində natürmort janrının əsasını qoymuşdur. Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında C. Məmmədquluzadənin “Ölülər”, M. F. Axundzadənin “Hacı Qara”, Ə. Haqverdiyevin “Pəri-cadu” tamaşalarına bədii səhnə tərtibatı və geyim eskizləri vermişdir. 

Sərginin ekspozisiyasında 24 rəngkarlıq, akvarellə işlənmiş 52 qrafik əsəri, 2 albom (“Naxçıvan xatirələri”, “Azərbaycan tipləri”) və 13 şəxsi əşyası nümayiş olunur.

Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsi Azərbaycan Milli İncəsənət muzeyində, Moskva Dövlət Tarix muzeyində, əsərlərinin bir qismi isə 1993-c ildə Naxçıvanda açılmış Bəhruz Kəngərlinin xatirə muzeyində qorunub saxlanılır.

Azərbaycan təsviri sənətində ilk professional rəssam olan Bəhruz Kəngərli 1922-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. Onun zəngin yaradıclıq irsi istər bədii, istərsə də tarixi əhəmiyyəti baxımından Azərbaycan xalqının qiymətli sərvətidir və bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.

Sərgi 22 iyun saat 18.00.-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küç., 11 ünvanında yerləşən binasında keçiriləcəkdir.

 

 

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...