Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi...

09 Dekabr-16 Dekabr, 2011

Keçirilmiş

9 dekabr 2011-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dövlət mükafatları laureatı, “İstiqlal” ordenli, Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərginin açılışı gerçəkləşəcək.
Bundan əlavə rəssamın doğum günündə qəbirüstü abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunacaq, Milli İncəsənət Muzeyində M.Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabrın 19-də Bakıda anadan olub. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. İlk fərdi sərgisi 36 yaşında Moskvada keçirilib və bundan sonra böyük şöhrət qazanıb. SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar İttifaqının katibi seçilib. Rəssam müxtəlif fəxri adlara, təltiflərə layiq görülüb. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor M.Abdullayev yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı o, ictimai xadim kimi də tanınıb, bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Klassik və müasir Azərbaycan ədəbiyyatına bağlı olan rəssam bir çox ədiblərin portretlərini yaradıb, əsərlərinə - poema, hekayə və romanlarına illüstrasiyalar çəkib. Bunların arasında Nizaminin, Nəsiminin, Fizulinin, Vaqifin, M.F.Axundzadənin Aşıq Ələsgərin, M.Ə.Sabirin, C.Cabbarlının, S.Vurğunun, Rəsul Rzanın və başqalarının əsərləri var.
Müasirlərinin mənəvi gözəlliyini, doğma təbiəti təsvir edən rəssamın «Axşam» (1947), «Mingəçevir işıqları» (1948), «Səadət quranlar» (1951) tabloları ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanıb.
Rəssamın yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tutur. Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və s. ölkələrə səfərləri zamanı çəkdiyi rəsmlər silsiləsində («Benqal qızları», «Racəstan qadınları», «Qoca əfqan», «C.Mansu» və s) milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Mikayıl Abdullayevin əsərləri bir çox şəhərlərdə nümayiş etdirilib, Berlin və Leypsiqdə rəssamın fərdi sərgisi keçirilib.
M.Abdullayevin yaradıcılığında Bakı metrosunun «Nizami» stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır.
Rəssam 2002-ci il avqustun 21-də 81 yaşında vəfat edib.

 

 

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...