Daun sindromlu şəxslərin sərgisi...

06 Noyabr-06 Dekabr, 2012

Keçirilmiş

2002-ci ilin əvvəlində Bakıda Zaqafqaziyada yeganə olan “Daun Sindromlu Şəxslərin Assosiasiya”sı yaradılmışdır. Assosiasiya Ədliyyə Nazirliyində saylı qeydiyyatdan keçərək, 2003-cü ilin 24 sentyabr tarixindən tam hüquqi əsaslarla fəaliyyət göstərir.

Assosiasiyanın əsas məqsədi Daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasından ibarətdir. Assosiasiyada uzun müddət müxtəlif səbəblərdən cəmiyyətimizdən kənar düşmüş 96 uşaq və yeniyetmə cəmləşib.

Assosiasiyanın nəzdində "Dəcəllər" teatrı yaradılmışdır. Bu teatr 2003-cü ildə Vyanada keçirilmiş Beynəlxalq festivalda, Avropada analoqu olmayan teatr kimi təsdiq edilmişdir.

Teatrın kollektivi 2007-ci ildə Türkiyənin İstanbul şəhərində, 2004, 2007, 2010-cu illərdə Moskva şəhərində, 2011-ci ilin sonunda Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Festivalda iştirak etmiş və uğurla qarşılanmışdır.

Onlar eyni zamanda 2009, 2010 və 2011-ci illərdə Türkiyənin Adana şəhərində keçirilən əlil gənclərin beynəlxalq festivallarında, 2012-ci ilin avqustunda isə Bolqarıstanda festival iştirakçısı olmuşlar.

Bütün bu tədbirlər Assosiasiyanın rəhbərliyi tərəfindən Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Ailə, Qadın və Uşaq Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və digər dövlət və özəl təşkilatların köməyi ilə təmənnasız olaraq təşkil olunmuşdur.

Teatrla yanaşı Assosiasiyanın nəzdində rəqs, əl işləri, rəsm dərnəkləri də fəaliyyət göstərir, 2006-ci ildən isə “Özümə qəlyanaltı hazırlayıram” aşpazlıq məktəbi yaradılmışdır. 2009-cu ildə I qrup əlil olan bir neçə uşağa foto şəkil çəkmək, fotoşop və videokliplər yaratmaq bacarığı təlim edilmişdir.

Qeyd edilən bütün festival və konsertlərdə Assosiasiyanın üzvləri diplom və sertifikatlarla, habelə, 2006-cı ildə Uşaqların Əl İşlərinin Ümumrespublika Baxışı, 2009-cu ildə İdman və Gənclər Nazirliyi tərəfindən il ərzində uğurlara görə, 2010-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əlillərin V Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsində fəal iştiraklarına görə xüsusi diplomlarla mükafatlandırılmışlar. 2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci il dönümü və Beynəlxalq Gənclər İli ilə əlaqədar keçirilən Əlil Yeniyetmə və Gənclərin Respublika Yaradıcılıq Festivalında fərqləndiyinə görə Assosiasiya və 16 yeniyetmə diplomla təltif edilmişlər.

Hal-hazırda, Assosiyasiyada iki bölmə yaradılmış və fəaliyyət göstərir. Bu bölmələrdə uşaqların əqli inkişafi üçün, valideynlərin idrak fəaliyyətinin artırılması və onların uşaqlarının koordinasiya bacarıqlarının, ünsiyyət və danışıq qabiliyyətinin artırılması sahəsində məşğələlər keçirilir. Bu istiqamətdə praktik dərsliklərin tərcüməsi və çapa buraxılmasına hazırlıq işləri gedir.

Bakıda inkişafında özəlliklər olan uşaqlar üçün yardımçı məktəblərlə yanaşı, həmçinin inkuliziv təhsilli bir neçə məktəb də var. Daun sindromlu uşaqlar artıq bu təhsil ocaqlarına, hətta, digər uşaqlarla bərabər adi uşaq bağçalarına və məktəblərə də gedirlər.

6 noyabr 2012-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən xeyriyyə tədbirində saat 12.00-dan 17.00-dək uşaqların əl işlərindən ibarət satış sərgisi, saat 17.00-da uşaqların konsert proqramı ilə çıxışları keçiriləcək.

Tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 9/11 ünvanında yerləşən binasında keçiriləcəkdir.

 

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...