Sirus Mirzəzadənin “Qadın ətri” sərgisi...

04 Mart-31 Mart, 2022

Keçirilmiş

Mart ayının 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” adlı fərdi sərgisi izləyicilərə təqdim olunub.

Rəssamın gərgin bədii axtarışlarının məhsulu olan 150-ə yaxın dəyərli sənət nümunəsindən ibarət olan sərginin ekspozisiyası həm rəngkarlıq, həm də qrafika əsərlərindən ibarətdir.

70-ci illərdə müstəqil yaradıcılıq fəaliyyətinə başlayan görkəmli rəssamın yaradıcılığına nəzər salsaq ənənə ilə müasirliyin uğurlu sintezini görə bilərik. Sirus Mirzəzadə istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində yaratdığı əsərlərlə sənətsevərlərin rəğbətini qazanmaqla yanaşı, çoxşaxəli bədii fəaliyyət yolunda qrafik əsərlərin də mahir yaradıcısı kimi Azərbaycan təsviri sənətində önəmli yerlərdən birini tutur. Yüksək yaradıcılıq məhsulu olan sənət nümunələrinin bədii şərhi üçün milli təfəkkürlə beynəlmiləl dərkin vəhdəti xarakterikdir.

Sirus Mirzəzadənin yaradıcılığında geniş yer ayırdığı mövzulardan biri “Adəm və Həvva”dır. 80-ci illərdən bəri dəfələrlə müraciət etdiyi bu mövzuda rəssam dərin psixoloji məqamlara vararaq ənənəvi mövzuya fərqli baxış bucağı qazandırır. Bu silsiləyə daxil olan “İlk görüş”, “Bəyaz sükut”, “Cazibəli”, “Sevgililər”, “Röyada zərif görüş” və s. kimi nümunlər sərgidə nümayiş olunan maraqlı sənət əsərləridir.

Vernisajda eyni zamanda Sirus Mirzəzadənin müəllifi olduğu müxtəlif əhvali-ruhiyyələri, ovqatı, təəssüratları əks etdirən, rəssamın təxəyyülündən süzülüb gələn improvizasiyaların bədii nəticəsi olan “Çəhrayı yuxu”, “Çəhrayı fonda”, “Şanapipiklər”, “Şanapipiklə qız”, “Qara geyimdə” və s. kimi nümunələr də nümayiş olunur.

Sirus Mirzəzadə bədii təxəyyülünün digər maraqlı nümunləri isə “Bürclər” adlı silsiləsində cəmlənib. Bütün astroloji bürclərin təsvirlərini bir silsiləyə toplayan rəssam (“Qoç bürcü”, “Oğlaq bürcü”,“Xərçəng bürcü”, “Oxatan bürcü” və s.) yaddaqalan kompozisiyalar yarada bilmişdir.

Onu da qeyd edək ki, məhsuldar yaradıcılıq fəaliyyətinə görə Sirus Mirzəzadə 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın Əməkdar rəssamı və 2018-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

 

 

Son Sərgilər

David Lordkipanidzenin "Afrikadan ilk in...

Ətraflı...

“Carlsberg Azerbaijan”...

Ətraflı...

“Dayanıqlı moda: Tekstilin gələcəyi” adl...

Ətraflı...

Bədii lövhələr: Səttar Bəhlulzadə...

Ətraflı...