“Vərqa və Gülşa” kitab-albomunun təntənəli təqdimat mərasimi...

01 Dekabr-01 Dekabr, 2021

Keçirilmiş

2021-ci ilin dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Vərqa və Gülşa” kitab-albomunun təntənəli təqdimat mərasimi keçirilib.

“Vərqa və Gülşa” - əsli Türkiyənin Topqapı muzeyində saxlanılan, tam şəkildə dövrümüzə gəlib çatmış XIII əsrin yeganə əlyazma manuskriptidir. “Vərqa və Gülşa” dastanı XI əsrdə yaşamış fars şairi Ayukinin qədim şərq əfsanəsində gənclərin sonsuz məhəbbətindən, bir-birini tapmaq yolunda maneələri dəf etməkdən bəhs edən misraları əsasında yaradılmışdır. Süjet əsrlər boyunca bir çox müəllifin yaradıcılığında (“Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Avesalom və Eteri”, “Romeo və Cülyetta” əsərlərlərində) rast gəlinir. Təhkiyə olunan 71 miniatür vahid xətt üzrə poemanın ən əhəmiyyətli məqamlarını təfsilatı ilə illüstrə edir. Bu bədii şah əsərin müəllifi Əbdulmömin Məhəmməd əl-Xoyi hesab olunur. Rəssamın Xoy şəhərinə işarə edən adlarından biri (nisba) onun Azərbaycan köklərinə sahib olmasına dəlalət edir.

“Vərqa və Gülşa” illüstrasiyaları şərq miniatürləri arasında günümüzə qədər gəlib çatmış ən qədimidir. Məhz bu səbəbdən rəssam tərəfindən yaradılan bu təsvirlər silsiləsi xüsusi dəyərə malikdir. Azərbaycan miniatür sənəti ölkəmizin mənəvi mədəniyyətinin zənginliyini tam dolğun şəkildə təcəssüm etdirir.

Əlyazma uzun illərdir ki, bir sıra nüfuzlu xarici alimlərin tədqiqat predmeti olunub, lakin illüstrasiya silsiləsini özündə tam şəkildə birləşdirən dəyərli toplu tərtib olunmamışdır. İndi “Vərqa və Gülşa” ədəbi-bədii şah əsəri Azərbaycanın mədəniyyət dünyasında haqlı olaraq öz sarsılmaz yerini tutdu.

Azərbaycan Milli Muzeyinin direktoru, professor Çingiz Fərəzəliyevin açılışını etdiyi təntənəli təqdimatda qonaqlar məhz bu mühüm hadisə haqqında danışdılar. O cümlədən, Fərzəliyev öz çıxışında bu nəşrin XXI əsr rəssamının XIII əsr rəssamının miniatür əsərlərinə baxışı olduğunu vurğuladı. İdeya Əbdülmömin Məhəmməd əl-Xoyinin möhtəşəm miniatürlərini ilk dəfə görən anda yarandı. Klassik əsərlərdən fərqli olaraq onlar mənim yarıdıcı “gözümü” ovsunladı. Elə həmin an dərk etdim ki, XIII əsr Azərbaycan rəssamının şah əsəri yeni nəfəs qazanmalıdır. Axı o Azərbaycan üçün yüksək dəyərə malikdir.

Daha sonra Çingiz Fərzəliyev sözü Azərbaycanın Mədəniyyət naziri cənab Anar Kərimova verdi. Bir çox dünya muzeylərində Azərbaycan mədəniyyətinin hələ də bizə məlum olmayan sərvətləri saxlanılmaqdadır. Onları daha geniş auditoriyaya təqdim etmək qarşımızda duran mühüm məqsəddir. Bu gələcək nəsillər üçün töhfə, bizlər üçün isə zərurətdir. Miniatür rəngkarlığı mədəni və vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir. “Vərqa və Gülşa” toplusu gənclərin intellektual inkişafına əhəmiyyətli töhfədir. Cənab Kərimov, həmçinin çıxışında vurğulayıb ki, miniatür rəngkarlığı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Daha sonra Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın akademiki Rafael Hüseynov miniatür rəngkarlığı məktəbindən, onun incəsənətin digər növlərinə təsirindən danışıb. O vurğuladı ki, azərbaycanlılar miniatür sənətinin inkişafında mühüm rol oynamışlar. Miniatür bədii estetikanı formalaşdırdı. O, yüz illərdir ki, öz cazibəsini itirməyib, qədim Şərqin dahi rəssamlarının xələflərinin yaradıcılığına hopmuş unikal sehri nümayiş etdirir. Onların arasında dünya xəzinəsinə daxil olan xeyli sayda görkəmli azərbaycanlı rəssamlar var.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək kitabın insan həyatında və onun şəxsiyyət kimi formalaşmasındakı mühüm roluna diqqət çəkdi. Görkəmli yazıçı yalnız kitabın məlumatı qoruyub saxlamaq və zamanla gələcək nəsillərə ötürmək qabiliyyətinə malik olduğunu vurğuladı. O, bəşəriyyət üçün ən vacib kitabların Quran, Bibliya, Tövrat olduğunu nəzərə çatdırdı. Öz müdrikliyini əsrlərlə qoruyub saxlayan bu kitablara müraciət etməklə insan mükəmməlləşmək imkanı əldə edir.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında bu gecənin ovqatı səmimi söhbətlərə köklədiyini etiraf edərək elmi terminlərdən imtina edəcəyini və miniatür rəngkarlığı haqqında duyğularını bölüşəcəyini dilə gətirdi.

Onun ardınca çıxış edən Bakı şəhərinin Baş memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bədii istiqamətləri bir-birindən ayırmağın düzgün olmadığını, memarlıq və miniatür sənətlərinin üzvü surətdə bağlı olduğunu vurğuladı. O, keçmişin şah əsərlərinin dəbdəbəli divar rəsmləri ilə bəzədilən saraylarında əks olduğunu söylədi. Daha sonra çıxış edən məşhur gürcü sənətşünası İrina Koşoidze Azərbaycan mədəniyyətinin bütün Zaqafqaziya incəsənətinin inkişafında çox böyük rol oynadığını dilə gətirdi. Gürcüstan muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin nümunələri möhtəşəmdir və təkcə sənətşünasların, alimlərin deyil, eləcə də sadə insanların diqqətini həmişə cəlb edən danılmaz şah əsərlərdir. Sənətşünas öz çıxışında qeyd etdi ki, Gürcüstan muzeyləri ümumi tariximiz və mehriban qonşuluq münasibətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan mədəniyyətinin incilərinin öz fondlarında qorunub saxlanılması ilə fəxr hissi duyur.

Bütün çıxışlar “Vərqa və Gülşa” kitab-albomunun səhifələrini əks etdirən xüsusi olaraq hazırlanmış videoçarxın fonunda baş tutdu. Qonaqlar arasında Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Azərbaycan Rəssamlıq İttifaqının katibi, Xalq rəssamı Salxab Məmmədov, Günel Anarqızı, məşhur rəssam Nino Kipşidze, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoidze və digərləri yer alırdı.

Son Sərgilər

Bədii lövhələr: Mikayıl Abdullayev...

Ətraflı...

"Həyata sevgi ilə: Mikayıl Abdullayev" s...

Ətraflı...

“Həyata sevgi ilə: Mikayıl Abdullayev” ...

Ətraflı...

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...