Vətən borcu, torpaq sevgisi......

02 İyun-05 İyun, 2021

Keçirilmiş

Vətən borcu, torpaq sevgisi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. İmzalanmış sənəddən irəli gələrək Heydər Əliyev Fondu tərəfindən Şuşada silsilə mədəni tədbirlərin keçirilməsi işinə çox fəal şəkildə start verilib. Məhz səfərimizin məqsədi də layihənin növbəti planının həyata keçirilməsi ilə bağlı idi. Mədəniyyət Nazirliyi tərəfindən qarşımıza qoyulan vəzifə Azərbaycan Milli İncəsənət və Azərbaycan Milli Xalça muzeylərinin kolleksiyalarında qorunan eksponatlardan ən nəfis xalq tətbiqi sənət nümunələri və Azərbaycanın korifey rəssamlarının Qarabağ, xüsusilə də baş tacımız Şuşaya həsr etdikləri, həmçinin də şuşalı rəssamların yaradıcılığından ən dəyərli sənət nümunələrinin  sərgilənməsi idi. Elə bu məqsədlə 2-5 iyun 2021-ci il tarixlərində öncədən seçilmiş eksponatlarla birgə Şuşaya yola düşdük. Azərbaycan Milli İncəsənət Muzeyini  elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Xədicə Əsədova və Sərgi və tərtibat şöbəsinin müdiri Araz Osmanov təmsil edirdi. Muzeyimiz üçün təyin edilmiş XIX əsrdə inşa edilən tarixi abidədə - Rəsm Qalereyasında Salam Salamzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Togrul Nərimanbəyov, Altay Hacıyev, Nadir Əbürəhmanov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, İsmayıl Axundov kimi istedadlı rəssamların qrafika və rəngkarlıq texnikalarında yaratdıqları tablolar daha ecazkar  baxılırdı. Eyni dinamik iş XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmiş qədim karvansarayda - Şuşa Yaradıcılıq Mərkəzində təşkil edilən foto sərgidə, xalçalar üçün nəzərdə tutulan tarixi abidədə də gedirdi. Şuşa şəhəri ümumilikdə çox dinamik şəkildə bərpa edilir, buradakı hər küçə, tarixi abidə, məscid, hamam, karvansaray, bulaq və s. əvvəlki siması qaytarılır. Şuşanın mərkəzində, Rəsm Qalereyası ilə yanaşı olan XVIII əsrdə tikilmiş “Saatlı” məscidi, XIX əsrdə inşa edilmiş “Mamay” məscidi, XIX əsrin I yarısında inşa edilmiş “Gövhər ağa məscidi”  və digər tarixi abidələr artıq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şəhərin mərkəzində isə Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan və uzun illər öz qayıdışını həsrətlə gözləyən üç abidə ucalır – Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli, XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan və Azərbaycanın professional vokal məktəbinin banisi Bülbülün büstləri. Şəxsiyyətləri, vətənpərvərliyi ilə Şuşanın saf suyunda, hər daşında, qayasında yaşayan Natəvan, Vaqif, Üzeyir, Bülbülün ruhu vətənlərində ucalmaqla, sanki öz vətənlərini də ucaldırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşaya təyin edilmiş nümayəndə Aydın Kərimovla elə bu abidələrin önündə tanış olduq. Şuşada gedən bərpa və quruculuq işləri haqqında söhbət açan Aydın müəllim, eyni zamanda incəsənətə dəyər verən, milli irsimizə qayğı göstərən insan kimi məmnuniyyətlə sərgimizi ziyarət etdi. Burada nümayiş edilən dəyərli əsərlər haqqında bizimlə maraqlı həmsöhbət oldu. Şuşa həqiqətən də birlik rəmzidir. Burada çalışan bütün insanlar bir-birinə əziz və doğmadırlar. Hətta tanımadıqlarımız yol boyu bizə salam verib, əhvalımızı soruşur, yardımçı olmağa çalışırdılar. Şuşanı dolaşarkən şəhər boyu qəhrəmanlarımızın divarlar üzərində özləri haqqında qoyduqları xatirə yazılar bizi kövrəldir və qürurlandırırdı. Azərbaycanın hər bölgəsindən olan igidlərimiz öz doğma diyarlarını və adlarını zəfər çaldıqları məkanların, evlərin divarları üzərində həkk etmişdilər, burada milliyyətindən və coğrafiyasından asılı olmayaraq Azərbaycan qarış-qarış sadalanırdı. Bəli, bəzimiz Şuşaya döyüşməyə, Vətən naminə həyatını itirməyə, qələbə qazanmağa, bəzimizsə yarım qalmış arzuları yaşatmağa, yaratmağa gedirik.  

Şahidi olduğumuz Şuşa bərpa edilir, burada böyük surətlə quruculuq və abadlıq işləri aparılır. Əminəm ki, o tezliklə hamımızın arzusunda olduğumuz müqəddəs ziyarətgaha çevriləcək.   

Azərbaycan Milli İncəsənət Muzeyinin  direktor müavini Xədicə Əsədova

Son Sərgilər

Bədii lövhələr: Tahir Salahov "Çiçəklənə...

Ətraflı...

“Milli motivlər” adlı ustad dərsi...

Ətraflı...

Bədii lövhələr: Səttar Bəhlulzadə "Dağla...

Ətraflı...

Vətən borcu, torpaq sevgisi......

Ətraflı...