Xalq rəssamı Nadir Qasımovun 90 illik yubiley sərgisi...

17 Dekabr-12 Yanvar, 2020

Keçirilmiş

17 Dekabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyi cari ilin son sərgisini Sizlərə təqdim edəcək. Sərgi bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən Xalq rəssamı Nadir Qasımovun 90 illik yubileyinə həsr olunub.
Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi davam edən yarım əsrdən çox bir dövrü əhatə edir. Müxtəlif mövzu və janrlarda əsərlər yaratmış sənətkar ilk növbədə Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalmış, bu sahədə adları incəsənətimizin “qızıl fonduna” yazılmış bir çox tablolar yaratmışdır.
Bakıda yaşayıb-yaradan rəssam bu sənaye şəhərinin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Rəssamın tablolarında günəşin yandırdığı və neft hopmuş torpaq, bəzən mülayim, bəzən tufanlı, dalğalı dəniz, quruda və suda qərar tutan neft buruqlarının təsviri özünəməxsus şəkildə şərh olunur. Hamının gözündə adiləşən sənaye obyektlərinə romantik forma və ovqat verməklə onları bədiiləşdirən rəssam elə ilk sənaye mənzərələri ilə özünü təsdiqləyə, dəst-xəttini müəyyənləşdirə bildi. Bu sənaye mənzərələrində zəhmətkeş insan, onun əməyi və bu əməyin bəhrəsi durmaqdadır.
Günlərlə, həftələrlə “Neft Daşları”nda yaşayan, neftçilərin qəhrəmanlıqlarını öz əsərlərində əks etdirən sənətkarın dəyərli işləri sırasında “Neft buruqları”, “İliç buxtası”, “İliç buxtasının qurulması”, “Qırmızı borular” adlı tabloları xüsusi diqqətə layiqdir.
Keçən əsrin 50-ci illərinin ortalarında Nadir Qasımov Azərbaycanın tanınmış şəxsiyyətləri olan SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, həmçinin neft ustası Gülbala Əliyevin portretlərini işləmişdir. Bu tablolarda sənətdə ilk addımlar atan lakin öz fərdi yanaşma tərzi ilə səciyyələnən bir rəssamı görürük. Bu özəlliklər qocaman neft ustası Gülbala Əliyevin portretində daha qabarıq şəkildə nəzərə çarpır. Rəssam özü qeyd edirdi ki, “1954-cü ildə mən çox maraqlı və insan kimi gözəl olan bizim respublikamızın qocaman neftçisi, Sosialist Əməyi Qəhramanı Gülbala Əliyevlə görüşdüm. Bu görüşlər mənim üçün böyük əhəmiyyət kəsb edirdi və mən onun portretini yaratdım. Ancaq onun işi, düşüncələri və buruqlar arasında formalaşan obrazı yadımdan uzun müddət çıxmadı”.
Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkir.
Rəssamın 100-ə yaxın əsəri Rusiyanın müxtəlif muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.
1992-ci ildə Azərbaycan Respublikasının “Xalq rəssamı” fəxri adına layiq görülmüşdür. Sərgi 17 dekabr 2019-cu il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında baş tutacaqdır.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...