Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri ordeni...

10 Oktyabr-10 Oktyabr, 2019

Keçirilmiş

10 oktyabr 2019-cu il tarixində Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qrosun iqamətgahında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü, Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, Təsviri sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyev Fransanın ən nüfuzlu mükafatlarından biri olan Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri ordeni (l’Ordre des Arts et Lettres) ilə təntənəli şəkildə təltif olunub.
İncəsənət və Ədəbiyyat Kavaleri ordeni “İncəsənət və ədəbiyyat sahəsində müvəffəqiyyətləri ilə seçilən və ya Fransa, eləcə də dünyada incəsənət və ədəbiyyatın intişarına töhfələr vermiş şəxslərin” mükafatlandırılması məqsədilə 1957-ci ildə təsis edilmişdir. Bu mükafatla təltif edilənlər arasında çağdaş günümüzün incəsənət sahələrinin ən parlaq nümayəndələrinin adlarını sadalamaq mümkündür. Xüsusilə, Pyer Karden, Uilyam Folkner, Mstislav Rostropoviç, Revaz Qabriadze, Cim Kerri, Jak Şirak, Nikolay Tsiskaridze, Uma Turman, Zelfira Trequlova və bir çoxlarını qeyd etmək olar. Mükafatlandırılanlar sırasında həmvətənlərimizin adlarının var olması sevindirici haldır.
Fransa Mədəniyyət Nazirliyinin 31 may 2019-cu il tarixli əmri ilə bu siyahıya Çingiz Fərzəliyevin adı daxil edilmişdir. Fransa Mədəniyyət naziri Frank Riyester professor Ç.M.Fərzəliyevə ünvanlandığı məktubda qeyd edir: “Böyük hörmət və ehtiramla bildirirəm ki, Sizi, Fransa Respublikasının dörd nazirliyinin əsas ordenləri biri olan İncəsənət və Ədəbiyyat Kavaleri ordeni ilə təltif edirəm.
Cənab Riyester, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin direktoruna, xüsusilə mədəniyyətin inkişafına verdiyi töhfə və öhdəliklərini layiqincə yerinə yetirmək bacarığını vurğulayaraq, öz səmimi təbrik və ehtiramını bildirmişdir.
11 sentyabr 2019-cu ildə diplomatik səlahiyyətlərini başa vuran Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez professor Çingiz Fərzəliyevə ünvanladığı məktubunda Fransa Mədəniyyət Nazirliyinin qərarı ilə onun İncəsənət və Ədəbiyyat Kavaleri fəxri adına layiq görüldüyünü bildirərək, “Siz, son illərdə ölkəmizdə mədəniyyət sahəsində fədakarcasına Fransa-Azərbaycan əlaqələrinin inkişafına verdiyiniz töhfə və mühüm xidmətlərinizə görə bu fəxri adla mükafatlandırılırsınız. 2012-ci ildə muzeyiniz 80 illik yubileyi çərçivəsində Fransanı şərəfləndirərək keçirdiyiniz “Fransa inciləri” simvolik sərgisini, dövlətiniz tərəfindən göstərilən mesenatlıq sahəsində Luvrda İslam incəsənəti bölməsinin açılışında Sizin fəaliyyətiniz və yaxın günlərdə Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr edilmiş sərginin keçirilməsini həmişə xatırlayacayıq. Bu mükafatın təqdimi ilə Sizə olan dərin minnətdarlığımızı ifadə etməyə çalışırıq” sözlərini qeyd edib.
Çingiz Əbdül Məcid oğlu Fərzəliyevə fərqlənmə nişanını ordeni Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros təqdim edib. O, öz çıxışında qeyd edib ki, “Bu sizə verilən ilk mükafat deyil. Bilirəm ki, ölkənizin və bir sıra xarici ölkələrin ən ali orqanları tərəfindən çox saylı orden və mükafatlarla dəfələrlə təltif olunmusunuz. Siz - rəssamsınız və incəsənətə olan sevginizi nəşr fəaliyyətiniz və ölkənizin incəsənətinə həsr edilmiş çox saylı sərgilər hər zaman bölüşmüsünüz.”
Daha sonra öz çıxışında Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros Azərbaycan Milli İncəsənət Muzeyinin 2012-ci ildə “Fransa inciləri”, 2017-ci ildə “Fransa İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” və cari ilin yay aylarında Fransa tərəfindən təşkil edilən Azərbaycan-Fransa birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərgilərə ev sahibliyi etdiyini yada saldı.
Bu tədbirlərin təşkilinə verdiyi töhfəni vurğulayaraq, cənab Qros söyləyib ki, “Siz, Azərbaycanla digər ölkələr arasında mədəni körpüləri inşa etmisiniz. Məhz buna görə, mənim dövlətim bu gün Sizə Azərbaycanda Fransanın mədəniyyətinə verdiyiniz töhfələr üçün təşəkkür etmək istəyir. Cənab Fərzəliyev, Fransa Sizə çox minnətdardır, bundan başqa incəsənət tarixi və incəsənət Sizə borcludur... Bilin ki, bu gün gördüyünüz işlərə və mədəni irsə verdiyiniz töhfələrə xüsusi hörmətlə yanaşırıq.”
Daha sonra cənab səfir qonaqların alqışları müşayiəti ilə Fransanın İncəsənət və Ədəbiyyatı kavaleri ordenini (l’Ordre des Arts et Lettres) cənab Çingiz Fərzəliyevə təqdim edib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev öz növbəsində səfirə və Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyinə təşəkkürünü bildirərək qeyd edib: “Bütün ölkələr bir-birinə oxşayır. Amma Fransa mədəniyyətinin dünya sivilizasiyasına təsiri böyükdür. Azərbaycan da bu təsirdən kənarda qalmayıb. Fransa kimi bir ölkənin ordeni ilə təltif olunmaq mənim üçün böyük şərəfdir”.

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...