Azərbaycan-Türkiyə sərgisi...

08 Oktyabr-13 Oktyabr, 2019

Keçirilmiş

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara sahib olması bu iki ölkənin daima sıx münasibətinə zəmin yaratmışdır.

Osmanlı dövlətinin XVI əsrdən etibarən Azərbaycana marağı böyük olmuşdur. Azərbaycan xanlıqları təməli qoyulduğu zamandan bu qüdrətli dövlət ilə sıx münasibətlər yaratmağa, onun dəstəyini qazanmağa çalışmışlar. Hər iki tərəf siyasi əlaqələr quraraq iqtisadi, mədəni və bəşəri münasibətlərin gücləndirilməsi üçün böyük təşəbbüs göstərmişlər.

Bu baxımdan, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin arxivində qorunub saxlanan sənədlər yalnız Türkiyə tarixinə deyil, eləcə də Osmanlı dövlətinin idarəsindən ayrılmış, 40-dan (qırx) artıq müstəqil dövlətin tarixi sənədi kimi dəyərlidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İstitutunun birgə təşəbbüsü ilə Osmanlı arxivlərində Azərbaycan xanlıqları arasında mövcud olan münasibətlərin, siyasi məktublaşmaların, səfirliklərə olunan hədiyyə təqdimatlarının yer aldığı rəsmi sənədləri ictimaiyyətə təqdim etmək məqsədilə “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları Münasibətləri” adlı sərgi təşkil ediləcəkdir. Əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək sərgidə Osmanlı dövləti və Azərbaycan xanlıqları arasında məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 29 rəsmi sənədin surəti təqdim ediləcəkdir.

Azərbaycan xanlarına kömək etmələrinə dair Çıldır valisi Süleyman paşanın “24 aprel 1783-cü il tarixli  əmri”, Tiflis xanı İrakliyə qarşı Dağıstan və Azərbaycan xanları ilə birləşərək mübarizə aparmaq haqqında Şamaxı xanının qardaşı Ağası xana Sultan I Əbdülhəmidin “1786-cı il tarixli fərmanı”, Sultan II Mahmudun Dağıstan hakimi Surxay xan, Quba xanı Şeyxəli xana, Şəki xanı Səlim xana və digər Azərbaycan xanlarına “13 mart 1813-cü il tarixli məktubları” kimi sənədlər yer alır.

Sərginin açılışında Türkiyə dövləti tərəfindən Türkiyə Respublikasının Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi prof. Uğur Ünal, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan tərəfindən siyasi, ictimai və mədəniyyət xadimləri və Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələri iştirak edəcəklər.

Sərginin açılış mərasimi 8 oktyabr 2019-cu il tarixində, saat 17.00-da, Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9/11 ünvanında yerləşən binasında baş tutacaqdır.

Qeyd edək ki, “Sənədlərlə Osmanlı Dövləti və Azərbaycan Xanlıqları Münasibətləri” sərgisi 13 oktyabr tarixinədək davam edəcəkdir.

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...