Alman incəsənəti Milli İncəsənəti Muzeyinin kolleksiyasından...

04 İyun-30 Sentyabr, 2019

Keçirilmiş

4 iyun 2019-cu il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi keçirilib.
Bu sərgi 2017-ci ildən həyata keçirilən "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksyasından” coğrafi sərgi silsilənin üçünçüsüdür. İncəsənət əsərlərinin xüsusi bədii formatda təqdim edildiyi coğrafi sərgi silsiləsi sənətsevərlər və sənət biliciləri tərəfindən böyük şövq və yüksək maraqla qarşılanır.
Növbəti sərgidə Almaniya incəsənətinin XVI-XX əsrlərini əhatə edən rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ tətbiqi sənət nümunələri sərgilənir. Geniş xronoloji çərçivə Alman incəsənətinin mədəni irsini müxtəlif istiqamət, növ və janrlardakı inkişafını daha yaxından tanımağa imkan verir.
Zəngin Almaniya kolleksiyanın formalaşması ötən əsrin 20-30-cu illərində Rusiyanın aparıcı muzeylərindən bir çox sənət əsərlərinin daxil olması, digər bir hissəsi isə Bakı neft sahibkarlarının mülkiyyətinin milliləşdirilməsi nəticəsində baş vermişdir. Beləliklə, muzey fondu zənginləşmiş və genişlənmişdir.
Keçən əsrin 70-80-ci illərində muzey zallarında alman qrafiklərinin keçirilmiş sərigisindən sonra muzeyin kolleksiyası daha da genişlənmişdir. Eləcə də, bu dövrdə Almaniyada yaşayan azərbaycanlı rəssam İbrahim Əhrarinin şəxsi kolleksiyasından muzeyə hədiyyə edilən bir sıra incəsənət əsərləri hesabına alman toplusu daha da zənginləşdirmişdir.
Alman incəsənəti müxtəlif texnikalarda icra olunmuş rəngkarlıq, kiçik plastik və qrafik əsərləri ilə təmsil olunur. 20-yə yaxın rəngkarlıq əsərinin təqdim olunduğu sərgidə ziyarətçilər müxtəlif üslublarda işlənmiş mənzərələr, kənd motivləri, mifoloji süjetlər və portretlərlə tanış olacaqlar. Qrafika incəsənəti ilk növbədə XVIII- XX əsrlərdə yaradılmış ofort, litoqrafiya, tiyə texnikalarında işlənmiş əsərlərlə təqdim edilir.
Alman incəsənəti kolleksiyasının ən çoxsaylı hissəsini dekorativ-tətbiqi sənət əsərləri tutur. Bura əsas etibarilə çini və metal məmulatları daxildir. Metal məmulatlarına yüksək peşəkarlıqla yaradılmış soyuq silahlar və soba saatları daxildir.
Alman incəsənəti kolleksiyasının ən zəngin və gözoxşayan hissəsini çini toplusu təşkil edir. Bu sənət inciləri Almaniya çinisinin yarandıqdan bugünədək keçdiyi inkişaf yolunun əyani göstəricisidir.
Sərgi ekspozisiyasında Almaniyanın Meysen manufakturasının, Falken və Potsşapel Time zavodlarının və Berlin Kral çini manufakturasının çeşidli boşqab və vazları, məişət əşyaları və dekorativ fiqurları geniş şəkildə təqdim olunur.
Amaniya Fedarativ Respublikasının Azərbaycandakı Səfirliyi və Höte İnstitutunun dəstəyi sayəsində baş tutan bu sərgi Alman mədəni irsini daha yaxından tanımağa imkan verəcək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfədir.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev qonaqları salamlayaraq: “Bu gün “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksyasından” coğrafi sərgi silsilənin üçüncü tədbirinin açılış mərasimi üçün burada toplaşmışıq. Bundan öncə muzey Fransa və Yapon incəsənətinə həsr olunmuş sərgilərə ev sahibliyi etmişdir. Bu gün isə Azərbaycan Milli İncəsənət Muzeyində “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgisinin açılış mərasimi baş tutacaqdır”. Çingiz Fərzəliyev sərginin ziyarətçilərin rəğbətini qazanacağına əminliyini ifadə edib.
Daha sonra söz Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Salxab Məmmədova verilib. Salxab Məmmədov öz çıxışında: “Muzey incəsənət əsərlərinin təqdim olunduğu mədəniyyət xəzinəsidir. Mədəniyyət məbədi olan muzeylər misilsiz incəsənət nümunələri ilə ziyarətçiləri və sənətsevərləri sevindirir. Mənim tələbəlik illərim alman şəhəri olan Şəmkirdə keçmişdir. Məhz bu səbəbdən Alman incəsənəti və mədəniyyəti mənə doğma və əzizdir. Uzun müddət muzeyin fondlarında qorunub saxlanan Alman incilərinin bir araya gətirildiyi “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgisi hər kəsə Alman incəsənətini daha yaxından duymağa və hiss etməyə imkan yaradacaqdır” deyə qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsgrab qonaqları salamlayaraq çıxışına başlayıb: “Bu yaxınlarda həyat yoldaşım Şəmkirdə oldu. Şəmkir mədəniyyətimizi birləşdirən tarixi bir məkandır. Eləcə də, bu gün keçirilən sərgi də bizi və mədəniyyətlərimizi birləşdirir. Ərsəyə gələn kataloq keçmişimizin və gələcəyimizin birliyini göstərir.” Səfir çıxışını minnətdarlıq sözləri tamamladı. O, tədbirin baş tutmasında əvəzsiz xidmətləri olan Azətbaycan Respublikasının Mədəniyyət nazirinə, sərginin kuratoru professor Çingiz Fərzəliyevə və sərginin əsrəsyə gəlməsində iştirak edən bütün əməkdaşlara təşəkkür etdi.
Bakı Höte-Mərkəzinin direktoru Alfons Huq vurğuladı ki: “Kapellhausda yerləşən Höte- Mərkəzi Bakıda son iki il ərzində fəaliyyət göstərməyə başlayıb. “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgidə biz Alman incəsənətinin tarixi izlərini incəsənət vasitəsilə göstərməyə çalışmışıq. Mən Milli İncəsənət Muzeyində baş tutacaq sərgini böyük məmnuniyyətlə izləyəcəyəm” sözlərini diqqətə çatdırıb.

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...