"Türkiyədən Əsən Meh" adlı sərgi...

14 May-24 May, 2019

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və Türk Hava Yollarının dəstəyi ilə may ayının 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən Əsən Meh” adlı sərgi açılacaq. Müasir Türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədi ilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyin Elmas, Erkin Keskin kimi  peşəkar türk rəssamlarının əsərləri təqdim edilir. Bu sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin – Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları vardır.  

Ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyin Elmas və Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dan artıq əsəri tamaşaçılara təqdim ediləcək.

Özünəməxsus dəst-xətti ilə seçilən Rauf Tuncer yaradıcılığının əsas qayəsi Türk mədəniyyəti və İslami motivləri, onları müşayiət edən kalliqrafik yazılar üzərində qurulub. Qədim dəyərləri müasir günümüzdə yaşatmağa çalışan Rauf Tuncer yaradıcılığında Orta Asiyanın İslamdan öncə və İslamdan sonrakı mədəni mirasını çağdaş vizual incəsənətlə sintez edir. Sənətkar tablolarında kalliqrafiya sənətinə, qədim folklora, simvollara, eləcə də Türk damğalarına, Osmanlı tuğralarına müraciət edir.

Sənətsevərlər sərgidə Hüseyin Elmasın İslamdan öncə və İslamdan sonra formalaşmış türk mədəni irsininin müasir interpritasiyası ilə tanış olacaqlar. Tarixi keçmişimizin gələcəyimiz qədər dəyərli olduğunu vurğulamağa çalışan rəssamın tablolarında Türk İslam memarlığının əvəzolunmaz simvolu olan “qübbə”yə və digər memarlıq elementlərinə, eləcə də miniatürlərə rast gəlinir. Qübbəni müşayiət edən mevleviler, göyərçin və at fiqurları ənənəvi türk sənəti tarixində kök salmış motivlər olaraq izləyici qarşısına çıxır.

Yaradıcılığının özülü musiqi və səslə yoğrulmuş Erkin Keskinin tabloları isə sanki musiqi ifa edir.  Əsərlərinin aparıcı mövzusu musiqi və səsdir. Hər bir tablo ayrı bir musiqi əsəridir. Qarışıq texnikalara müraciət edən rəssam kətan üzərində bilərəkdən relyef effekti yaradaraq izləyicini boyalarla canlanmış səs və musiqini duymağa çağırır. Harmonik boyalarla işlənmiş lirik şəhər mənzərələri bir qayda olaraq musiqi ilə ahəngdarlıq təşkil edir.

 Tədbirin açılış mərasimi 14 may tarixində saat 18.00-da, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq və sərgi 24 may 2019-cu il tarixindək davam edəcəkdir.

Son Sərgilər

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü...

Ətraflı...

"Mənə dünyanı çək" ...

Ətraflı...

Professor Çingiz Fərzəliyev "Simurq"meda...

Ətraflı...