Əməkdar rəssam Rafael Abasovun sərgisi...

27 Fevral-05 Mart, 2019

Keçirilmiş

27 Fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Rafael Abasovun sərgisinin açılış mərasimi baş tutdu. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərginin kuratoru Azərbaycanın Əməkdar rəssamı, professor Çingiz Fərzəliyevdir.

Ötən əsrin 90-cı illərindən günümüzə kimi olan dövrü əhatə edən sərgi izləyiciyə rəssamın yaradıcılığının təkmilləşmə yolunu izləməyə imkan yaradır. Ekspozisiyada Rafael Abasovun yaradıcılıq boyu ərsəyə gətirdiyi 63 əsəri: portret, mənzərə, natürmort və tematik tabloları təqdim edilir.

Rafael Abbasovun fırçasından çıxan portretlərdə insan duyğularının gerçək təsvir dili olduqca realistikdir. Ekspozisiyada xüsusi yeri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portretləri tutur.

Yüksək incəsənət duyumu ilə qurulmuş ekspozisiyada mədəniyyətimizin görkəmli şəxsiyyətlərinin portretləri, mənzərə və natürmortlarla bir cərgədə harmoniya və vəhdət təşkil edir. Tablolar bir-biri ilə vahidlik yaradaraq, sanki doğma vətənimizin inikasını təcəssüm etdirir. Rafael Abasovun dəst-xəttinin formalaşmasında Azərbaycanın görkəmli fırça ustalarının, o cümlədən müəllimi Nadir Qasımovun böyük təsiri duyulur. Müəllif mahir ustalıqla “Nadir Qasımovun portreti” tablosu fonunda Xəzər dənizini təsvir etmişdir. Nəsildən-nəslə ötürülən dəniz sevgisi Rafael Abasovun Xəzər dənizinə həsr etdiyi çoxsaylı tablolarında əks olunmuşdur. Böyük ustalıqla işlənmiş Azərbaycanın müxtəlif bölgələrinin füsünkar təbiətini vurğuladığı növbəti mənzərələrdə vətənə dərin sevgi hissi duyulur. Rəng və təsvir üslubunun ahəngdarlığı fonunda verilmiş çöllərin və qumlu sahillərin soyuq sərtliyi, meşələrin rütubətli sərinliyi və dağ massivlərinin sərt qabalığını özündə birləşdirən təkraredilməz bir mühit yaradır. Hər bir tabloda sonsuz “təbiət emosiyalarının palitrası” nı əks etdirən fövqəltəbii səma təsvir olunur. Azərbaycan torpağının zənginliyini Rafael Abbasovun özünəməxsus natürmortları olmadan təsəvvür etmək mümkün deyil. Milli koloritlə yoğrulmuş məişət əşyaları fonunda doğma vətən torpağının bəxş etdiyi sərvətlərin təsviri ilə rəssam tablolarına yeni nəfəs bəxş etmişdir.

Sərgidə nümayiş etdirilən sənət əsərləri Rafael Abasov yaradıcılığını Azərbaycanın korifey rəssamları irsinin davamçısı hesab etməyə əsas verir. Rəssamın əsərləri Almaniya, ABŞ, Avstriya, Yaponiya, Türkiyədə şəxsi kolleksiyalarda , eləcə də Azərbaycan Milli İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyasında saxlanılır. Rafael Abasovun əsərləri ABŞ, Meksika, Fransa, Şri-Lanka, BƏƏ, Yaponiya, İran, Türkiyə və Rusiyada da həmçinin sərgilənib. Ölkə və ölkə hüdudlarından kənarda rəssamın yaradıcılığına həsr olunmuş radio və televiziya verilişləri, KİV-də çoxsaylı məqalələr dərc olunmuşdur.

Sərgi mart ayının 5-dək davam edəcəkdir.

Son Sərgilər

"Novruz Rəngləri" adlı xüsusi əyləncəli ...

Ətraflı...

Əməkdar rəssam Rafael Abasovun sərgisi...

Ətraflı...

8 Azərbaycanlı rəssamın əsəri Portrait n...

Ətraflı...

“Bədii lövhələr”...

Ətraflı...