Kollektiv dövlət dəstəyini yüksək qiymətləndirir...

18 Dekabr-18 Dekabr, 2018

Keçirilmiş

Bu günlərdə Milli İncəsənət Muzeyinin 3-cü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimini keçirdik. Bizim üçün əlamətdar olan bu idi ki, mərasimdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edirdilər. Bu, muzeyimizin kollektivinə göstərilən böyük etimaddır. 

Məlumat üçün bildirim ki, Azərbaycan Milli İncəsənət Muzeyi respublikamızda bəşəri və milli incəsənət əsərlərinin kompleks toplandığı yeganə muzeydir. O, XIX əsrin sonlarında inşa edilmiş iki memarlıq abidəsini birləşdirən və müasir üslubda inşa edilmiş üçüncü korpusdan ibarət geniş ərazini əhatə edir. Ərazisinin genişliyi, ötən dövrdən bu günümüzədək, eləcə də, bütün növ incəsənət nümunələrinin silsiləli şəkildə nümayişini həyata keçirən vahid kompleksdir. 

Azərbaycan Milli İncəsənət Muzeyi Xalq Komissarları Şurasının 31 mart 1936-cı il tarixli 264 nömrəli qərarı ilə təşkil edilmişdir. Muzey yarandığı illərdə Tarix Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyinin binalarında fəaliyyət göstərmişdir. Muzey 1951-ci ildən Niyazi küçəsi, 9 ünvanında yerləşən – 1891-1893-cü illərdə Bakının baş memarı, alman mühəndisi Nikolay fon der Nonne tərəfindən fransız qrafı De Bur üçün klassik Borokko üslubunda tikilmiş tarixi binaya köçürülmüşdür. “De Burun malikanəsi” kimi tanınan bina 1951-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyinə məxsusdur.

Təşkil olunduğu gündən Azərbaycan Milli İncəsənət Muzeyi hər zaman tərəqqi etmiş, Bakı muzeyləri arasında öz kolleksiyasının məzmununa, zənginliyinə və coğrafi arealına görə birincilərdən olmuşdur. Lakin muzeyimizin bugünkü nailiyyətləri, şübhəsiz ki, dövlətimiz tərəfindən göstərilən qayğının nəticəsidir. Hazırda muzeyin kolleksiyasında 18 mindən artıq əsər mühafizə edilir. İncəsənətimizin, xüsusilə də, muzeyin inkişafı naminə dövlət başçımız cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən daimi qayğı göz önündədir. Prezidentimizin göstərişi ilə muzeyin əsas korpus binalarında aparılan təmir-bərpa işləri nəticəsində eksponatların dünya standartlarına və muzey tələblərinə cavab verən ən müasir avadanlıqlarla təmin edilmiş saxlanclarda qorunması, mühafizə edilməsi, dünya şöhrətli muzeylər səviyyəsindəki dizayn tərtibatlı ekspozisiya zallarında nümayişi, ən müasir avadanlıqlarla təchiz edilmiş elektron bələdçilər, multimedia proqramları vasitəsilə təbliği xüsusi diqqətin nəticəsidir. Dövlətimiz tərəfindən muzeyə göstərilən diqqət onunla təsdiq oluna bilər ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev və birinci xanım ­Mehriban Əliyeva son illər keçirilən müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə və binaların bərpa-təmir işlərindən sonrakı açılış mərasimlərində dəfələrlə muzeyin ziyarətçiləri olmuş, öz yardımlarını əsirgəməmişlər. 

Muzeyə 2011-ci il iyunun 10-da Milli Muzey statusu verilmişdir.

Qeyd edim ki, zaman ötdükcə muzeyin binasında bərpa və təmir işlərinin aparılmasına ehtiyac yaranmışdır. Bu səbəbdən 2014-cü ildə binada təmir işlərinə başlanılmış və bu gün biz öz sevincimizi bütün həmvətənlərimizlə bölüşürük. 
Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Tarixi əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən – nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.

Yeni korpusun açılışı muzeyimizin son illər qazandığı ən böyük uğurdur. Bu, hörmətli Prezidentimizin yüksək səviyyədə xalqımıza, mədəniyyətimizə, incəsənətə göstərdiyi diqqət və qayğının təcəssümüdür. Yeni korpusun ümumi sahəsi 2500, ekspozisiya sahəsi isə 1550 kvadratmetrdir. Burada bütünlüklə Avropa incəsənəti nümayiş olunur. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ekspozisiyada Qərbi Avropa, Rusiya, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya zalı iki mərtəbədən ibarətdir. Dövlət başçımızın göstərdiyi qayğı sayəsində muzeyin imkanları daha da genişlənib. 

Biz mərasimdə cənab Prezidentin verdiyi tövsiyələr və tapşırıqları diqqətlə dinlədik. Söz yox ki, bunlar gələcək fəaliyyətimizə güclü stimul verəcək. Mədəniyyət və incəsənətimizi qoruyub, təbliğ edən kollektivimizin üzvləri üçün bu hadisələri yaşamaq böyük şərəfdir.

 

Son Sərgilər

"Best of museum"...

Ətraflı...

Fransız-Azərbaycan arxeoloji qazıntıları...

Ətraflı...

Alman incəsənəti Milli İncəsənəti Muzeyi...

Ətraflı...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü...

Ətraflı...