Cahangir Rüstəmovun fərdi yaradıcılıq sərgisi keçirildi...

01 Aprel-08 Aprel, 2016

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Azərbaycanın Xalq rəssamı Cahangir Rüstəmovun 90 illik xatirəsinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçirildi.

Ömrünün 50 ilindən çoxunu Azərbaycanın təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmov 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirmiş və doğma vətənin bədii yaradıcılıq həyatında fəal iştirak etmişdir.

Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrına həsr edilib, onun əsərləri dərin milli ruh və poetikliyi ilə fərqlənmişdir. C.Rüstəmovun yaratdığı tarixi mövzularda da çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzulu kompozisiyalar, həmçinin də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna əyani sübutdur. Bütün bu janrlarda rəssam özünə, realistik sənətə sadiq qalır.

Böyük Vətən müharibəsindən sonra təsviri sənətdə ilk kövrək addımlarını atan gənc rəssamı “Qəhrəmanın qarşılanması”, “Axırıncı alman”, “Kirovabadda Nizaminin abidəsinin açılışı” və digər əsərlərində artıq özünəməxsus işləmə tərzinin formalaşmasının şahidi oluruq. Artıq 60-ci illərdən başlayaraq C.Rüstəmov yaradıcılığının daha məhsuldar mərhələsinə qədəm qoymuşdur.

Rəssamın yaradıcılığında əsas yer əmək mövzusuna verilmişdir. O, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirmişdir. Milli koloriti, emosional ruhu ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Balaca köməkçi”, “Kolxozçular”, “Dağlarda”, “Şahdağ” və digər tabloları sənətşünaslar və sənətsevərlər tərəfindən bəyənilmiş, ona şöhrət gətimişdir. Onun əsərlərində rəng qammaları ilə süjetin arasında xüsusi bir səsləşmə mövcuddur.

C.Rüstəmov portret janrında yaratdığı əsərlərdə obrazın daxili aləmini, onun xarakterinin əsas xüsusiyyətlərini personajın pozasında, əhval-ruhiyyəsində, onu əhatə edən əşyalarda açmağa çalışırdı. Sosialist Əməyi qəhrəmanı Zəki Şükürovun, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan azərbaycanlı qəhrəman Əhmədiyyə Cəbrayılovun, dünya çempionu Aydın Məmmədovun portretləri bu qəbildəndir.

C.Rüstəmovun rəngarəng əsərləri nəinki respublikamızda, həm də onun hüdudlarndan kənarda yüksək dəyərləndirilmiş və sevilmişdir. Onun əsərləri Rusiyada, Türkiyədə, Livanda, İran İslam Respublikasında, Bolqarıstanda, Macarıstanda, Suriyada, Rumıniyada və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Onun əsərləri bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.

Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Əməkdar rəssam, 2004-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.

Cahangir Rüstəmov 2007-ci ildə ömrünün 81-ci ilində vəfat etmişdir.

Sərgidə rəssamın “Yaşıl çay plantasiyası”, “Bakı”, “İslam memarlıq abidəsi”, “Karfagen yaxınlığında”, “Sahil”, “Cənublular. Sosialist yarışmasının qalibləri”,“Qəhrəman sələfimiz”, “Kür mənzərəsi”, “Torpağın oyanması” kimi tabloları nümayiş olunur.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...