Nadir Əbdürrəhmanovun fərdi yaradıcılıq sərgisi keçirildi...

18 Dekabr-25 Dekabr, 2015

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Azərbaycanın Xalq rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçirildi.

Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlarından özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra, onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir.

1960-cı ildə rəssam Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.

Sənət yolunda ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəsti-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif janrlarda yaratdığı iri formatlı süjetli lövhələri qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Milli İncəsənət Muzeyinin, eləcə də digər muzey və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilmişdir.

Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərinin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olmuşdur. Rəssam xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. Nadir Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yaddaqalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Nadir Əbdürrəhmanovun Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirə layiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır. Onun həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirmişdir. Nadir Əbdürrəhmanov özünün çoxillik zəngin sənət təcrübəsini gənc rəssamların hazırlanmasına sərf edərək milli rəssamlıq məktəbinin inkişafına töhfələr vermişdir.

Sərgidə rəssamın “Sevimli naxışlar”, “Professor Mirqasımovun portreti”, “Bakı bayram günlərində”, “Sakit səma”, “Dağlı qadın”, “Fedonqan çayında səhər”, “Dostluq körpüsü”, “İnsanlar və dağlar”, “Xalq musiqiçiləri” kimi 50-ə yaxın tablosu nümayiş olunur. Onun tabloları əhval-ruhiyyə baxımından lirik və emosionaldır. Səfalı dağ rayonlarında yaşayan insanların obrazları mülayim və sadədir, gərgin hərəkət, kəskin emosiyalar sanki onlardan uzaqdır. Rəssamı adi hadisələrin milli özünə məxsusluğu maraqlandırır. Kənd sakinlərini əsrarəngiz təbiət qoynunda təsvir edərək, onların qarayanız sifətlərində, əlvan libaslarında xüsusi gözəllik və cazibədarlıq tapır. Rəssamın lirik mənzərələrində, həmçinin xarici ölkə xalqlarının həyatına həsr olunan silsilə tablolarından göründüyü kimi rəssam milli məişətin ən səciyyəvi səhnələrini müasir dünya duyum süzgəcindən keçirir, yumşaq, axıcı, şərti-dekorativ rəng ahəngini mənalandırmağa nail olur.

Nadir Əbdürrəhmanov 2008-ci ildə ömrünün 83-cü ilində vəfat etmişdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...