Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi ...

26 Sentyabr-30 Sentyabr, 2017

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi baş tutdu.

Görkəmli fırça ustası Asəf Cəfərovun yubiley sərgisinin açılışını Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov etdi. Hər kəsi salamlayaraq, sözə başlayan F. Xəlilov görkəmli sənətkarın Azərbaycan rənkarlığındakı dəyərli yerindən, özünəməxsus üslubundan və rəssama verilən böyük dəyərdən danışdı. Bundan başqa tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev və Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Asəf Cəfərovla bağlı xoş xatirələrini izləyicilərlə bölüşdülər.

Ekspozisiyada nümayiş etdirilən əsərlərə nəzər yetirdikcə görürük ki, rəssamın yaradıcılığında milli çalarlar, folklor əhval-ruhiyyəsi və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Əmək motivləri, təbiət mənzərələri, məişət, portret janrı onun fırçasında fərqli ovqatlarla tərənnüm edilir. Bütün yaradıcılığı boyu axtarışda olan rəssamın əsərlərində düşünən və tamaşaçıları da düşünməyə məcbur edən həyati motivlərə geniş yer verilib.

Azərbaycan torpağının zəngin təbiət guşələrinin gözəlliklərini tabloya köçürən rəssamın təsvir etdiyi hər bir təbiət mənzərəsi kompozisiya cəhətdən zəngin koloritli ahənglərlə doludur. Rəssam yaradıcılığında geniş yeri qədim İçərişəhərin dolanbac küçələrinin sirli döngələri, Abşeron qəsəbələrinin görüntüləri tutur.

Asəf Cəfərovun fırçasından çıxan portretlər, özünəməxsus kompozisiya quruluşu, dekorativliyi , monumentallığı və obrazın bədii şərhi ilə seyrçini təsirləndirir. Böyük sənətkarlar “Vaqif Mustafazadə”, “Rəşid Behbudov”, “Səttar Bəhlulzadə”, “Arif Məlikov” portretləri buna ən gözəl nümunədir.

Asəf Cəfərovun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Bu muzeylər sırasına Moskvadakı Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənət Muzeyi, İstanbuldakı Müasir Sənətlər Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir. Sənətkar 1980-ci ildə Avstriyada keçirilən Ümumdünya Təsviri Sənət Sərgisində Qran-pri mükafatına layiq görülmüşdür.

Son Sərgilər

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...