Daha yeni bir ad...

07 Aprel-07 Aprel, 2017

Keçirilmiş

7 aprel tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının M.V. Surikov adına Moskova Dövlət Akademik İnstitutunun Fəxri professoru adına layiq görülmüşdür. Bunu qeyri-adi hadisə adlandırmaq olar. Düz 50 il bundan öncə, 1967-ci ildə gənc Çingiz Fərzəliyev 180 ildən çox yaşı olan və dünyanın ən nüfuzlu incəsənət ocaqlarından birinin  tələbəsi olmuşdur. İnstitutu bitirdikdən iki il sonra 1975-ci ildə gənc rəssam SSRI-nin Rəssamlar İttifaqının üzvü seçilmişdir. Budur bir vaxtlar tələbə, bu gün isə Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru öz Alma Materindən fəxri ad aldı.

-“Mən doğma institutumun divarları arasına qayıtmağıma şadam” – təntənəli mərasimin sonunda Çingiz Fərzəliyev bildirdi. “Burada aldığım təhsil illərim yaradıcılıq həyatımda çox böyük rol oynamışdır. Doğma Surikov institutunun divarları arasında aldığım fundamental təhsil gələcəkdə mənə sənətşünaslıqla məşğul olmağımda köməklik göstərdi. Mən xoşbəxtəm ki,  bu cür yüksək təhsili  mötəbər institutda almışam. Deyirlər, akademiyanın divarları da öyrədir. Yorulmadan təkrarlaya bilərəm ki, mənim bütün gələcək həyatımı həmkarlarım, o zamanki tələbələr və pedaqoqlarımla ünsiyyət formalaşdırdı. Həmin biliklər uzun illərdir ki, mənimlədir”.

M.V.Surikov adına Moskova Dövlət Akademik İnstitutunun Fəxri professoru diplomunu həmin institutun rektoru, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, professor Anatoliy Lyubavin təqdim etdi.

-“Dostluq, bir-birimizə olan qarşılıqlı hörmət incəsənət vasitəsilə qəlbimizə, ruhumuza ötürülür. Bu da çox mühümdür. Çünki, incəsənət insanlara sülh bəxş edir, onun tərcüməyə ehtiyacı yoxdur, o sözlərsiz də aydındır” deyə Anatoliy Aleksandroviç bildirdi.

Mərasimdə iştirak edən "Tretyakov Qalereyası" jurnalının baş redaktoru Aleksandr Rojin Çingiz Fərzəliyevin Rusiya və Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsi işinə əsaslı töhfə verdiyini vurğuladı. "O çox gözəl rəngkardır.  Həmçinin o, sənətşünaslıq və incəsənət tarixi ilə məşğul olmağa imkan verən mükəmməl təhsil almışdır. Rəssam kimi aktiv fəaliyyətlə məşğuldur. Şübhəsiz ki, istedadlı şəxsiyyətdir".

Bu sözlər Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətini, onun incəsənətə xidmətini parlaq əks etdirir. Maarifləndirmə sahəsində və vətəninin milli mədəniyyətinin təbliğində gündəlik əmək sərf edir. İncəsənət sərhəd tanımır, onun dili universaldır və dünyanın istənilən ölkəsində aydındır şüarı əsasında bir çox layihələr reallaşmışdır. Çingiz Fərzəliyev bütöv və bölünməz Təsviri İncəsənət dünyasının müxtəlif incə nüanslarını duymağa qadir rəssamdır.

Buna əsaslanaraq nəşr etdyi kitablar bir çox incəsənət ocaqlarında dərs vəsaiti kimi  istifadə olunur. Çingiz Fərzəliyev aşağıda adları çəkilən fundamental nəşrlərin müəllifidir: "Natürmort haqqında hər şey", "Portret haqqında hər şey", "Mənzərə haqqında hər şey", "Azərbaycan rəngkarlığı antologiyası", "Azərbaycan Dövlət İncəsənət Muzeyi", "El sənəti".  XX əsr Azərbaycan təsviri sənətinin 45 görkəmli nümayəndəsinə həsr olunmuş 36 kitabdan ibarət "Sərvət" silsiləsi bilavasitə onun rəhbərliyi ilə hazırlanmışdır.

Diplomun təqdimetmə mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin məsləhətçisi Vüqar İmaməliyev qeyd etdi ki, "Polad Bülbüloğlu (Azərbaycanın Rusiyadakı səfiri – müəl. red.) YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olub. Hal-hazırda səfir nominasiya ilə əlaqədar səfərdə olduğundan məndən həmyerlimiz, görkəmli rəssam və  Azərbaycan incəsənətinin inkişafına böyük töhfələr verən şəxsiyyəti bu cür ali mükafatla təltif etdiyiniz üçün rektora, rektorluğa və instituta minnətdarlığını çatdırmağımı xahiş etdi".

Milli İncəsənət Muzeyinin rəhbəri kimi Çingiz Fərzəliyev müasir Azərbaycan ərazisində tətbiqi və təsviri incəsənətin inkişaf mərhələlərini özündə əks etdirən, analoqu olmayan "Azərbaycan incəsənəti minilliklər boyu" sərgisini qurmuş və tamaşaçılara təqdim etmişdir. Sərgiyə hazırlıq hərtərəfli idi: respublikanın rayonlarına çox saylı ekspedisiyaların təşkili, bölgələrdəki muzeylər, eləcə də şəxsi kolleksionerlərlə əlaqələrin qurulması, eksponatların dəqiqliklə analizi və atributsiyası. Çingiz Fərzəliyev Azərbaycanın görkəmli incəsənət xadimlərinin əlamətdar tarixlərinə həsr olunmuş sərgilərlə yanaşı, xarici muzeylərlə əməkdaşlıq edərək dünya incəsənətini özündə əks etdirən çox saylı sərgilərin də kuratorudur.

Çingiz Fərzəliyevin aktiv yaradıcılıq fəaliyyəti bir çox fəxri adlarla təltiflənmişdir: Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü, Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, Gürcüstan Rəssamlıq Akademiyasının Fəxri doktoru, Kembric Universitetinin Beynəlxalq Bioqrafik İnformasiya Mərkəzinin Fəxri professoru.

Çingiz Fərzəliyev bir çox orden və mükafatların sahibidir: Kembric Universitetinin Beynəlxalq Bioqrafik İnformasiya Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni",  Gürcüstanın "Şəfəq" prezident ordeni.

Çingiz Fərzəliyev hər növbəti fəxri ad və ya mükafatla təltif olunarkən bu nailiyyəti böyük şərəf hissi duyaraq rəhbərlik etdiyi Azərbaycan Milli İncəsənət Muzeyi kollektivinin səmərəli iş fəaliyyətinin nəticəsi olduğunu vurğulayır. Bu mükafatlar tarixi ilə qürur duyduğu Azərbaycan mədəniyyətinin dünyada təbliğində və daha yaxından tanıtmasında, eyni zamanda Azərbaycan vətəndaşlarının maariflənməsində mühüm addım hesab edilə bilər.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...