Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisi ...

15 Noyabr-19 Noyabr, 2016

Keçirilmiş

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi açılıb.

Sərgidə mədəniyyət və incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbiri giriş sözüylə açan Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərgi barədə qısa bilgi verdi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında məşhur rəssam, rəngkar və qrafik Maral Rəhmanzadənin incəsənət tariximizdə tutduğu yerdən bəhs etdi. Bildirdi ki, rəssam xalqımızın çoxəsrlik mədəniyyətində özünə əbədilik qazanmış şəxsiyyətlərdəndir. Nazir müavini sağlığında Maral xanımla bir neçə dəfə görüşdüyünü, həmin görüşlərin onun yaddaşında gözəl xatirələrlə qaldığını vurğuladı. Qeyd etdi ki, rəssamın yaradıcılığında Azərbaycan təbiəti, məişəti, doğma yurdun bütün gözəllikləri böyük ustalıq və bədiiliklə, sevgiylə tərənnüm olunub. Bunun nəticəsidir ki, ilk qadın rəssamlarımızdan olan M.Rəhmanzadə yaradıcılığı ilə özündən sonra xalqı üçün böyük mənəvi sərvət qoyub gedib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov görkəmli fırça ustası ilə səmimi, doğma münasibətindən, onun zəngin yaradıcılığından, öz sənətinə olan vurğunluğundan danışdı. Vurğuladı ki, Maral Rəhmanzadənin əsərlərində doğma yurda bağlılıq, əsrarəngiz təbiətinə dərindən vurğunluq onun əsərlərini hər zaman tamaşaçı üçün əbədiyaşar edir.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov da Maral xanımın rəssamlıq tarixindəki uca mövqeyindən söz açdı. Bildirdi ki, M.Rəhmanzadəni Azərbaycanın ən ucqar kəndlərində belə yaxşı tanıyırdılar. Rəssam ömrünün sonuna qədər yaradıcılığına sadiq qalıb, fırça və kətandan ayrılmayıb. O, Neft daşlarından əsərlər çəkən ilk rəssam olub.

Rəssamın ailəsi adından danışan professor Ceyran Mahmudova sərginin təşkilinə görə əməyi keçən hər kəsə, tədbirə gələn bütün sənətsevərlərə minnətdarlığını bildirdi.

Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri 85-ə yaxın əsəri nümayiş olunur. “Dağ mənzərəsi”, “Göy-göl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları” kimi  tabloları bu qəbildəndir.

Məlumat üçün bildiririk ki, Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuş, 1934-1940-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir.

Milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan Maral Rəhmanzadə, təsviri sənətimizin zəngin ənənələrini davam etdirmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr vermişdir. Mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olmuşdur.

Maral Rəhmanzadə qrafika sahəsində xüsusilə məhsuldar çalışmışdır. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilmişdir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilərək müəllifinə rəğbət qazandırmışdır. Doğma yurdun təbii gözəlliklərini sevməyə və qorumağa çağıran həmin əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır.

Maral Rəhmanzadə kitab qrafikası sahəsində diqqətəlayiq fəaliyyət göstərmişdir. Onun xüsusən klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya əsərlərin məzmunu və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olmuşdur. Rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə son dərəcə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan diliylə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biri idi. Sənətkarın ümumən zəhmət adamlarının, o cümlədən dəniz neftçilərinin rəşadətli əməyindən bəhs edən tabloları mövzu genişliyi, palitra əlvanlığı və məzmun dolğunluğu ilə seçilir.

Maral Rəhmanzadənin geniş diapazonlu yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilmiş, o cümlədən "Şöhrət" ordeninə layiq görülmüşdür.

Sərgi noyabrın 19-da başa çatacaq.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...