Gözəlliyin tükənməz çalarları...

05 Mart-13 Mart, 2015

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilirdi. Açılış mərasimində Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək, tədbirin Azərbaycan qadınlarının şərəfinə təşkil olunmuş kiçik hədiyyə olduğunu vurğulayaraq xanımlara ən xoş arzularını çatdırıdı. Tədbirdə hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, respublikamızın siyası-ictimai və mədəni həyatında mühüm rol oynayan qadınlardan – Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, millət vəkili Jalə xanım Əliyeva,  UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay xanım Əfəndiyeva və başqaları iştirak etmişlər.

5 mart 2015-ci il tarixində təşkil olunmuş tədbirdə Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konsert proqramı təqdim olundu. Dünya və Azərbaycan bəstəkarları - Y.Haydn, A.Piazzola, İ.Ştraus və L.Andersonun musiqiləri, Qara Qarayevin “Adajio və rəqs”, Niyazinin “Arzu” romansı, Arif Məlikovun “Komdenin göz yaşları” və Vasif Adıgözəlovun “Qərənfil” əsərləri ifa olundu. Əsərləri solistlər - beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə, Emin Bağırov, Ümidə Abbasova və Əməkdar artist Sahib Paşazadə ifa etdi. Daha sonra sənətsevərlər Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan qadın obrazına həsr edilmiş əsərlərdən ibarət “Gözəlliyin tükənməz çalarları” adlı sərgi ilə tanış oldular. Azərbaycanın tarixi, mədəni, ictimai və mədəni həyatında görkəmli rol oynamış qadınların surətlərindən ibarət sərgidə Azərbaycanın tanınmış fırça ustalarından Xalq rəssamları Mikayıl Abdullayevin “Manqa başçısı Rəxşəndinin portreti”, “Rəqqasə Əminə Dilbazinin portreti”, “Çəltikçi qızlar”, Salam Salamzadənin “Günəş altında”, Oqtay Sadıqzadənin “Fidan Qasımovanın portreti”, Böyükağa Mirzəzadənin “Sağıcı”, “Karinka”, Altay Hacıyevin “Natəvan aləmi”, “Sara xatun”, Əməkdar incəsənət xadimləri  Reyhan Topçubaşovanın “Balerina Qəmər Almaszadənin portreti”, Vəcihə Səmədovanın “Geoloq M. Məmmədbəylinin portreti” kimi əsərlərilə yanaşı, Toğrul Sadıqzadə, Vidadi Nərimanbəyov, Tağı Tağıyev, Cahangir Rüstəmov, Nadir Əbdürrəhmanov, Şamil Nəcəfzadənin əsərləri də nümayiş etdirilir. Ümumilikdə burada 20-dən artıq Azərbaycan rəssamının 36 sayda rəngkarlıq əsəri sərgilənir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...