Cavad Mircavadovun fərdi sərgisi...

29 May-30 İyun, 2012

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam Cavad Mircavadovun fərdi yaradıcılıq sərgisi keçirilir və iyun ayının sonunadək davam edəcəkdir.

Azərbaycan avanqardının banisi, Azərbaycan Abşeron rəssamlıq məktəbinin ən parlaq novatorlarından olan Cavad Mirhaşım oğlu Mircavadov 19 yanvar 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941-1949-cu illərdə Azərbaycan Rəssamlıq Məktəbində təhsil almışdır. Təhsilini davam etdirmək üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedərək Repin adına Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq istəsə də, bu rəssamlıq məktəbində mövcud təhsil sistemini qəbul etmədiyi üçün fikrindən daşınmışdır. 

1949-1954-cü illər arasında Sankt-Peterburq şəhərində yaşadığı müddətdə Ermitaj muzeyinin fondlarında saxlanılan çox sevdiyi Pol Sezanın əsərlərini və həmçinin digər impressionist və postimpressionistlərin yaradıcılığını öyrənmiş, eyni zamanda həmin muzeydə fəhlə kimi çalışmışdır. 

Ermitaj muzeyi ilə yanaşı o, Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya muzeyinin kolleksiyası ilə də yaxından maraqlanaraq Afrika, Okeaniya, İndoneziya, Yaxın Şərq xalqlarının ənənəvi incəsənətini öyrənməyə böyük həvəs göstərmişdir. Bu iki muzeyin kolleksiyası rəssamın gələcək yaradıcılığında böyük rol oynamışdır. 

1955-ci ildə Azərbaycana qayıdaraq abstrakt relyefli kompozisiyalar, heykəltəraşlıq və boyakarlıq əsərləri yaratmışdır. 

1975-ci ildə SSRİ Rəssamlıq İttifaqına üzv qəbul edilmişdir. İlk fərdi sərgisi 1987-ci ilin yanvar ayında Vəcihə Səmədova adına Rəssamlıq İttifaqının sərgi salonunda, həmin ilin dekabrında isə Moskvada A. A. Fadeev adına Mərkəzi Yazıçılar evində təşkil olunmuşdur.

1988-ci ildə ona çoxdan layiq olduğu Azərbaycanın Əməkdar incəsənət xadimi adı verilmişdir. 1987-ci ildə yazıçı Anarın ssenarisi əsasında “Bu Cavaddır” adlı sənədli filmin çəkilişi onun yaradıcılığına ən böyük hədiyyə oldu. 

Rəssamın tabloları dünyanın bir çox muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. 

Sərgidə rəssamın həyatını əks etdirən 42 fotomontaj və 50-ə yaxın boyakarlıq əsərləri ekspozisiyada öz əksini tapmışdır. Bunlardan “Qadın balqabaq ilə” (1984), “Öküzün nallanması” (1970-1971), “Nuhun Gəmisi” (1986), “Analıq” (1988) və s. əsərləri rəssamın yaradıcılıq ampluası üçün xarakterikdir. Bundan əlavə ekspozisiyada rəssamın həyatının müxtəlif anlarını əks etdirən fotolar, gündəliyindən qeydlər, ailə fotoları və eyni zamanda muzeyin son dövrlərdə kolleksiyasına daxil olan keramika və misgərlik nümunələri də sərginin ekspozisiyasına daxil edilmişdir. 

Gərgin yaradıcılıq yolu keçmiş rəssam 1992-ci il 24 iyunda Kopenhagen-Moskva qatarında gözlərini əbədi olaraq yummuşdur. 

Sərgi 29 may 2012-ci il tarixində saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 11 ünvanında yerləşən binasında keçiriləcəkdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...