"Tale bağları" adlı sərgisi keçirilir...

02 May-09 May, 2012

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə akademik, heykəltəraş Ömər Eldarovun, tanınmış Türkiyəli rəssam Abidin Eldaroğlu və fotoqraf Ozan Sağdıçın “Tale bağları” adlı birgə sərgisi keçirilir.

Sərgidə 50-dən artıq foto, heykəltəraşlıq və rəsm əsərləri nümayiş etdirilir. Sərgidə təmsil olunan sənətkarlar eyni səcərədən olub, “Bir millət iki dövlət”in sənət ustalarıdır.

Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ömər Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olumuşdur. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı (indiki Sankt-Peterburq şəhəri) İ. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirmişdir. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif Respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısıdır.
Heykəltəraşın yaradıcılıq bioqrafiyası çox maraqlıdır. O, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, professor İhsan Doğramacının, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının monumental və dəzgah heykəltəraşlığı sahəsində yaratdığı obrazlarla məşhurlaşmışdır.
Abidin Eldaroğlu 1901-ci ildə Türkiyə Cümhuriyətinin Dənizli vilayətində anadan olmuşdur. 1926-cı ildə İstanbul Müəllimlər məktəbini bitirmiş, 1930-cu ildə Türk Maarif Cəmiyyətindən aldığı maddi kömək ilə Parisə getmiş və Rəssamlıq Akademiyasında əvvəlcə tələbə, sonradan isə Andre Lhote-nin emalatxanasında çalışmışdır. 1932-ci ildən İzmir Müəllimlər məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərmişdir. Rəssamın ilk fərdi sərgisi Dənizli vilayətində təşkil edilmişdir. Eldaroğlunun rəsm əsərləri həmçinin bir çox xarici ölkələrdə, Madrid, Brussel, Paris, Berlin, Vyana, Venesiya və Milanda sərgilənmişdir. Bundan əlavə rəssam bir çox ölkələrdə təşkil olunmuş Biennalilərdə mükafatlara layiq görülmüşdür.
Türk rəsm sənətinə dəyərli əsərlər bəxş etmiş rəssam 1974-cü ildə Türkiyənin Ankara şəhərində vəfat etmişdir.
Ozan Sağdıç 1934-cü ildə Burhaniya Balıkesirdə anadan olmuşdur. O, hələ İstanbulun Kabataş orta məktəbində təhsil aldığı müddətdə foto sənətinə böyük maraq göstərmişdir. 1955-ci ildə İstanbul Foto Asosiasiyasında katib vəzifəsində çalışmış, 1956-cı ildə isə “Həyat” jurnalında foto müxbir kimi fəaliyyət göstərmişdir. 1959-cu ilin sonlarından başlayaraq Ozan Sağdıçın fotoları Ankarada bir çox jurnallarda, nəşrlərdə işıq üzü görmüşdür. O, AFSAD-da fəxri üzv və eyni zamanda fotoqrafiya bölməsinə Xalq Rəssamı kimi seçilmişdir.Ozan Sağdıç hal-hazırda Ankarada öz işini davam etdirir.
Sərgi may ayının 2-də saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçiriləcəkdir.

 

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...