Muzeyimizdə uşaqlar üçün təşkil olunan xüsusi tədbirlər kiçik ziyarətçilərin incəsənətə, tarixə və elmlərə marağını artırmaq məqsədi daşıyır. Bu tədbirlərdə uşaqlar əyləncəli və interaktiv formada yeni biliklər qazanır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirlər. Əlamətdar və tətil günləri ilə bağlı olan proqramlar, interaktiv ekskursiyalar, art terapiya, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv ustad dərsləri, cizgi filmi və kino nümayişləri vasitəsilə uşaqlar muzey mühitində öyrənir və əylənirlər.
Hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsi mühazirə, tematik ekskursiya, ustad dərsi, viktorina, kvest oyunu kimi proqramları əhatə edərək Azərbaycan və dünya incəsənətinin müəyyən dövrünə həsr olunur. Azərbaycan, rus, ingilis dillərində təqdim edilən proqramlar saat 11:00 və 14:00-da muzeyin xüsusi uşaq sahəsində keçirilir.
Layihə məktəbəqədər və məktəbli uşaqlar üçün nəzərdə tutulub.İştirak üçün əvvəlcədən qeydiyyat tələb olunur. Ətraflı məlumatı muzeyin veb-saytından əldə edə bilərsiniz.
Əziz uşaqlar, sizi maraqlı məlumatlarla zəngin incəsənət və yaradıcılıq dünyasını kəşf etməyə dəvət edirik.